Kaspi Liseyinin məzunları Gənclər Gününü doğma məktəblərində qeyd ediblər

Kaspi Liseyinin məzunları Gənclər Gününü doğma məktəblərində qeyd ediblər

Kaspi Liseyinin məzunları Gənclər Gününü doğma məktəblərində qeyd ediblər

Məzunlar “Biz Kaspi ailəsiyik” devizi altında görüşüblər

Kaspi Təhsil Şirkəti ənənəsinə sadiq olaraq Gənclər Günü münasibətilə məktəbin məzunları ilə görüş keçirib. Fevralın 4-də Ağ Şəhər Liseyində keçirilən tədbirdə liseylərin rəhbər və müəllim heyəti və məzunlar iştirak edib.

“Biz Kaspi ailəsiyik”

Kaspi Təhsil Şirkətinin təsisçisi və İdarə Heyətinin sədri Sona Vəliyeva məzunları təbrik edərək “Biz Kaspi ailəsiyik”- devizi altında gənclərin yenidən doğma məktəblərində görüşməsindən şad olduğunu bildirib: “Siz hamınız mənin balalarımsınız. Hər zaman sizin üçün darıxırıq.  Yeriniz həmişə ürəyimizdədir. Sizinlə qürur duyuruq!” Təsisçi qeyd edib ki, Kaspi Təhsil Şirkəti hər il Gənclər Gününü böyük sevinc və həyəcanla qeyd edir: “Hər il Gənclər Günündə liseyin məzunları ilə görüşlər keçirilir, onların ali təhsilləri, iş həyatları ilə maraqlanır, ürək sözlərini dinləyirik. Kaspi Liseyləri məzunlarından diqqət və qayğısını heç zaman əsirgəmir. Bütün məzunlarımızı həmişə səbirsizliklə gözləyirik!” S.Vəliyeva bu gün gənclərin qarşısında duran vəzifələrdən danışıb: “Azərbaycan gəncləri bir amala xidmət etməlidir: ölkə Prezidentinin ətrafında sıx birləşməklə Azərbaycanın inkişafına çalışmalıdır. Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və  qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılıb. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi və bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Siz də bu gənclərlə birgə addımlamalısınız. Azərbaycan dövlətinin sizə etimadı böyükdür. Siz gələcəyi quranlarsınız.  Bu yük sizin çiyinlərinizdə qərar tutacaq.  Bunun üçün təhsildə yüksək nailiyyətlər əldə etməlisiniz: yaxşı həkim, mühəndis, iqtisadçı, alim olmalısınız.  Təhsilinizi başa vurduqdan sonra geri qayıtmalı, ölkəmizə töhfə verməlisiniz. Gənclərimiz xarici ölkələrdə oxuyub çalışdıqda da Vətənimizin adına layiqli işlər görməli, Azərbaycanın adını təbliğ etməlidirlər”.

Kaspi Təhsil Şirkətinin İH-nin sədr müavini Elşən Əliyev məzunları Gənclər Günü münasibətilə təbrik edərək Azərbaycanımızın inkişafı naminə gələcək fəaliyyətlərində uğurlar arzu edib: “Kaspi Liseyi öz uğurlu məzunları ilə həmişə fəxr edir. Sizin təhsilinizi, həyatdakı uğurlarınızı yaxından izləyir və sevinirik. Hər birinizə gələcək təhsil və iş həyatınızda uğurlar arzulayırıq!”

Yaxşı cəmiyyət qurmaq istəyiriksə...

Kaspi Ağ şəhər Liseyinin direktoru Rəqsanə Məmmədova “Sizlərə baxıb müəllimlərinizlə qürur duymaya bilmirəm- deyə bildirib: “Çünki onlar sizin mənəvi əxlaqi dəyərlərə, biliklərə yiyələnməyinizdə böyük rol oynayıblar. Bu gün sizin hər birinizin üzündə həmin dəyərləri görürük. Bu, bizi sevindirir, qürur verir.  Siz bu dəyərləri ömür boyu daşıya biləcəksiniz. Bu, sizi güclü edəcək. İnanıram ki, “Kaspi” ailəsi ilə aranızda bağlar həmişə olacaq”.

“Hər il Gənclər gününü necə gözləyiriksə, sizin də gəlişinizi elə gözləyirik”- deyə məzunları təbrik edən Kaspi Liseyi Bakıxanov filialının direktoru Sahil Əliyev “Müəllimin əsas motivasiyası dərs dediyi şagirdlərinin qazandığı uğurlardır”- deyə bildirib: “Müəllimlər üçün yetişdirdiyi şagirdi nümunəvi vətəndaş kimi görmək böyük qürurdur.  Siz bizim dəyərimizsiniz”.

Kaspi Bakıxanov filialının direktor müavini Namiq Cümşüdov “Kaspi”nin məzunları arasında hərbi xidmətdən gələn, müxtəlif sahələrdə çalışan, eləcə də ali məktəblərdə təhsil alan gəncləri görməkdən məmnun olduğunu qeyd edib: “Məzunlarımızı bir arada görmək bizim üçün böyük qürurdur. Hər birinizin həyatında baş verən uğurlar bizi qürrələndirir. Sizin uğurlarınız bizim uğurlarımızdır”.

Kaspi Liseyi üzrə akademik məsləhətçi Nəcməddin Mehdiyev “Kaspi”nin doğma ocaq olduğunu, müəllim-şagird kollektivinin həyatında böyük rol oynadığını söyləyib: “Lisey yaranandan burada çalışırıq. Elə şeylər var ki, o insan həyatının formalaşmasında rol oynayır. “Kaspi” də belə məkandır. Siz də bu liseyi bitirmişiniz. İnanıram ki, “Kaspi”nin təlqin etdiyi yüksək keyfiyyətlər sizi heç zaman tərk etməyəcək. Siz gənclər gələcəyimizin həkimləri, müəllimləri, mühəndislərisiniz. Yaxşı cəmiyyət qurmaq istəyiriksə, onun savadlı gənclərə ehtiyacı var. Biz bu uğurları sizdən gözləyirik!”

Bakıxanov filialının direktor müavini Vüsalə Səfərova qeyd edib ki, cəmiyyətin formalaşmasında gənclərin rolu böyükdür: “Əgər gənclik normal formalaşırsa, deməli həmin cəmiyyət də normal şəkildə inkişaf edir və formalaşır. Təbii ki, gəncliyin formalaşmasında təhsil mühüm rola malikdir. Təhsil gəncləri həm istiqamətləndirir, həm də  dünyagörüşünü zənginləşdirir, intellektuallaşdırır. Siz gənclərə ölkəmizə layiqli vətəndaş olmağı və yüksək təhsilli, bacarıqlı mütəxəssis kimi Vətənimizə fayda verməyi arzulayırıq!”

Kaspi Ağ Şəhər Liseyinin direktor müavini Fidan Səfərova,  ingilis dili müəllimi Sakit Hüseynli də “Kaspi”nin yolu düzgün yoldur. Bu, imkan verir ki, biz şagirlərimizi uğurla gələcəyə hazırlayaq”- deyə qeyd etdilər.

Kaspi-məzun bağları

Tədbirə dəvət alan məzunlar çıxış edərək müəllimlərinə, “Kaspi” rəhbərliyinə minnətdarlıq etdilər.

İstanbul Medipol Universitetnin tibb fakültəsinin tələbəsi Tural Niftəliyev: “Kaspi Liseyi həyatımda böyük rol oynayıb”-deyə bildirib: “Bu gün  təhsil sahəsində qazandığım uğurlara görə məhz liseyin müəllimlərinə, bizə yaratdıqları tədris mühitinə minnətdaram! “Kaspi”də öyrəndiklərim təkcə təhsilimə kömək etmir, həmçinin dost qazanmağıma, sosiallaşmağıma yardım edir”. T.Niftəliyev hazırda liseydə təhsil alan gənclərə tövsiyə edib ki, dərslərinə diqqət yetirsinlər, müəllimlərinin məsləhətlərinə qulaq assınlar: “Diqqətinizi yalnız dərslərə yönəldin. Müəllimlərinizin sizə öyrətdiyi yol düzgün yoldur. Bu, sizin həyatda uğur qazanmağınıza kömək edəcək”.

2020-ci ilin Kimya fənni üzrə Prezident təqaüdçüsü Cəvahir Yusifzadə qeyd edib ki, qazandığı uğurlarda “Kaspi” müəllimlərinin rolu danılmazdır: “Məhz Kaspi Liseyində öyrəndiyim biliklər mənim bu gün tələbə kimi təhsil almağımda, Prezident təqaüdçüsü olmağımda rol oynayıb. Müəllimlərimizin düzgün tədris metodikası liseydə təhsil alan bütün şagirdlərin həyatında müsbət rol oynayır. Buna görə müəllimlərimə və “Kaspi”nin rəhbərliyinə minnətdaram!”

ADA Universitetinin  hüquq fakültəsinin 4-cü kursunda təhsil alan Nilgün Məmmədzadə etiraf edib ki, hər il Gənclər Günündə liseydə keçirilən tədbirə böyük həvəslə qatılır: “Kaspi”dəki müəllimlərimi görməyə, dərs keçdiyim sinif otaqlarına yenidən baş çəkməyə həmişə tələsirəm. “Kaspi” mühiti mənim həyatımda mühüm rol oynayıb. Bu gün tələbə kimi uğurlara görə “Kaspi”də qazandığım təməl biliklərə borcluyam. “Kaspi” bizim həyatda yer tutmağımıza böyük töhfə verib”.

İstanbul Koç Universitetinin  kompyuter mühəndisliyi fakültəsinin 1-ci kurs tələbəsi Hüseyn Nadirov bildirib ki, “Kaspi”də təkcə biliklərə yiyələnməyib, həmçinin insanlarla davranmağı, münasibət qurmağı öyrənib: “Kaspi”də öyrəndiklərim mənə tələbə yataqxanasında ünsiyyətimə, dostlar qazanmağıma, auditoriyada tələbə yoldaşlarımla münasibətimə, ümumilikdə mühitə uyğunlaşmağıma və akademik biliklərə yiyələnməyimə kömək edir. Sevinirəm ki, məhz Kaspi Liseyinin məzunuyam”.

Məzunlarla görüş intellektual və əyləncəli oyunlarla, musiqili-nəğməli ovqatla yadda qalıb. “Kaspi” məzunları liseyin adına həmişə layiq olacaqlarına, Vətənə nümunəvi övlad kimi xidmət edəcəklərinə söz veriblər. 

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız