Kaspi Liseyinin iki şagirdi Respublika Fənn Olimpiadalarının qalibi oldu

Kaspi Liseyinin iki şagirdi Respublika Fənn Olimpiadalarının qalibi oldu

Kaspi Liseyinin iki şagirdi Respublika Fənn Olimpiadalarının qalibi oldu

Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

İyulun 14-də Elm və Təhsil Nazirliyi Respublika Fənn Olimpiadaları (RFO) qaliblərinin mükafatlandırılma mərasimini təşkil edib.

Kaspi.edu.az xəbər verir ki, Respublika Fənn Olimpiadaları ümumtəhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə hər il keçirilən elm yarışıdır. Olimpiada ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edir.

VIII-XI sinif şagirdlərinin iştirak etdiyi RFO iki mərhələdən – rayon və respublika mərhələsindən ibarətdir. Olimpiadanın Respublika mərhələsi də öz növbəsində iki turdan - yarımfinal və final turlarından ibarət olaraq keçirilir.

2022/23-cü tədris ilində keçirilən olimpiadada 8 fənn üzrə 209 ümumi təhsil müəssisəsində təhsil alan 40 min şagird iştirak edib. Sevindirici haldır ki, qaliblər arasında Kaspi Liseyinin şagirdləri də var. Kaspi Liseyinin IX sinif şagirdi İbrahim Valehli fizika fənni üzrə Qızıl, Rəvan Əlizadə isə coğrafiya fənni üzrə Bürünc medal qazanıblar.

“Şagirdlərimizin bilik və bacarıqlarının inkişafı milli sərvətimizdir. Yaxın gələcəkdə olimpiada qalibi olan məktəblilər Azərbaycanın ən yaxşı kadrları olacaqlar”- deyə elm və təhsil naziri Emin Əmrullayev mükafatlandırma mərasimində çıxış edərək bildirib: “Olimpiada hərəkatı Azərbaycanda son 8-9 ildə tamamilə fərqli çalar alıb. Nazirlik üçün bu yarışlar olimpiada qaliblərini vaxtında düzgün fərqləndirib ortaya çıxarmaq, onların maraqlarını düzgün təmin edərək inkişaflarına nail olmaq məqsədi daşıyır. Olimpiada bir çığırdır ki, ora düşən şagird daha uğurlu olur. Bu gün ölkədə keçirilən fənn olimpiadaları dünya standartlarına uyğunlaşdırılır”. Nazir qeyd edib ki, olimpiadaların təşkil edildiyi ilk illərdə müsabiqələrə çox az sayda məktəbli qatılıb, lakin son dövrlərdə bu proses artıq olimpiada hərəkatına çevrilib: “Olimpiada qaliblərinin dünyanın nüfuzlu universitetlərinə qəbulu müsabiqələrin uğurudur. Onların onların qəbul imtahanlarının göstəriciləri yüksəkdir”. 

Nazir çıxışının sonunda qalibləri və onların valideynlərini təbrik edib, şagirdlərə yeni nailiyyətlər arzulayıb. 

Mərasimdə Respublika fənn olimpiadalarında ən yüksək nəticə göstərmiş 9 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə medallar, diplom və mükafatlar təqdim olunub. 

Tədbirdə Respublika fənn olimpiadaları barədə videoçarx da nümayiş etdirilib.

Qeyd edək ki, son illər keçirilən olimpiadalarda şagirdlər 84 Qızıl, 166 Gümüş, 248 Bürünc olmaqla ümumilikdə 498 medal qazanıblar.

Kaspi Təhsil Şirkəti Respublika Fənn Olimpiadalarının bütün qaliblərini təbrik edir, onlarla qürur duyur və gələcək təhsil həyatlarında hər bir şagirdə uğurlar arzulayır!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız