Kaspi Liseyində Bilik Günü qeyd edildi

Kaspi Liseyində Bilik Günü qeyd edildi

Kaspi Liseyində Bilik Günü qeyd edildi

İlk zəng şagirdləri siniflərə səslədi
Bu gün ölkəmizdə “Bilik günü” kimi qeyd olunur. Bu gün ilk dəfə məktəbə qədəm qoyan şagirdlərin, təhsilini müxtəlif pillələrdə davam etdirən uşaqların arzularına, xəyallarına çatmasına, gələcəyə dair planlarını gerçəkləşdirmələrinə zəmin yaradan bir həyat yolunun başlanğıcıdır.

Kaspi Liseyləri Bilik Günü ənənəvi olaraq şagirdlərini siniflərə səsləməklə qeyd etdi.

Bilik Gününə həsr olunan tədbirdə Azərbaycanın Dövlət Himni səsləndi. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

“Ötən tədris ili liseyimiz üçün olduqca məhsuldar və uğurlu olub”- deyə tədbirin aparıcıları keçən tədris ilində qazanılan nailiyyətlər haqqında tədbir iştirakçılarına məlumat verdilər. Uğur qazanan şagirdlər və məzunlar, bu uğurların əldə edilməsində əvəzsiz xidmətləri olan müəllimlər alqışlandı.

Ömür kitabına yazılan gün

Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənov yeni dərs ilinin başlaması münasibətilə şagird, müəllim və valideynləri təbrik etdi: “Keçən tədris ilində şagirdlərimizin ələ etdikləri uğurlar, beynəlxalq bilik yarışlarında qazandıqları mükafatlar, məzunlarımızın buraxılış imtahanı və ali məktəblərə 100 faiz qəbil imtahanı nəticələri bütün kollektivimizi sevindirir və yeni dərs ilinə ruhlandırır. Artıq yeni dərs ilimiz başlayır. Ömür kitabında həm müəllimlərimiz,  həm şagirdlərimiz üçün yeni səhifə açılır. Bizi həmin kitabda gözləyən boş səhifələr var. Biz həmin boş səhifələrə yeni dərs ilindəki uğur və nailiyyətlərimizlə imza atacağıq. Bu fürsətdən istifadə edib Bilik günündə üzümüzü şagirdlərə tutub deyirik ki, gələcəyiniz üçün xəyallar qurmaqdan çəkinməyin. Əminəm ki, quracağınız xəyallar və arzuları Kaspi liseyinin kollektivi ilə birlikdə həyata keçirəcək və qazanılan nailiyyətləri tədris ilinin sonunda birlikdə qeyd edəcəyik”.

Biz elə bir nəsil yetişdirməliyik ki...

“Builki tədris ilimiz çox əlamətdar ilə təsadüf edir” deyə Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva tədris ilinin başlaması münasibətilə şagirdləri, valideynləri və müəllimləri təbrik etdi: “Ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər keçirilir. Formula1 Bakı Qran-Pri yarışları başa çatdı. Ölkəmiz COP29  tədbirinə hazırlaşır. Bu beynəlxalq tədbirlər ölkəmizin nüfuzunu bütün dünyada artırmağa xidmət edir”. S.Vəliyeva bu il məktəbə qədəm qoyan birincilərə səsləndi: “Əziz birincilər, bu il Kaspi Təhsil Şirkətinin yaranmasının 17, Kaspi liseylərinin fəaliyyətinin 10 ili tamam olur. Sizin liseydə oxumağınız məhz bu uğurlu tarixə təsadüf etdi. İnanıram ki, siz gələcəkdə böyük uğurlara imza atacaqsınız. Sizin aranızdan gələcəyin böyük alimləri, şəxsiyyətləri yetişəcək, ölkəmizə layiqli vətəndaşlar olacaqsınız”. S.Vəliyeva çıxışını Ulu Öndərin müdrik kəlamı ilə tamamladı: “Biz elə bir nəsil yetişdirməliyik ki, Azərbaycanın gələcəyi onların çiyinlərində dura bilsin”. Mən əminliklə bildirirəm ki, siz həmin nəsilsiniz: milli-mənəvi ruhda tərbiyə olunmuş, və dünyanın ən aparıcı universitet və məktəblərinin tələbə və şagirdləri ilə rəqabətə davamlı, hətta bir addım onlardan öndə dura biləcək bilik sahibisiniz. Sadəcə, sizi yönləndirmək və bilgiləndirmək lazımdır. Bu vəzifəni də Kaspi Liseyi həyata keçirir”.

Bilik Günü tədbiri məktəb şagirdlərinin ifasında bədii hissə ilə davam etdirildi.

Daha sonra İlk zəng şagirdləri siniflərə səslədi.

Kaspi Ağ Şəhər Liseyinin yeni tədris ilindən etibarən I-IV siniflərinin təhsil aldığı yeni korpusunda da Bilik Günü təntənə ilə qeyd edilib.

Kaspi Təhsil Şirkəti 2024/25-ci tədris ilində bütün şagirdlər, tələbələr və valideynləri bu əlamətdar gün münasibətilə təbrik edir və bu məsuliyyətli həyat yolunda uğurlar arzulayır!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız