Kaspi Liseyində “Azadlıq çiçəyi” adlı tədbir keçirildi
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Kaspi Liseyində “Azadlıq çiçəyi” adlı tədbir keçirildi
- 06 Noyabr 2024
Kaspi Liseyində “Azadlıq çiçəyi” adlı tədbir keçirildi
“Bu Vətən uğrunda döyüşdüyümüz üçün fəxr edirik!”
8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi Zəfər Günüdür. Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan RespublikasındaZəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunur.
“Qarabağ yaramız sağaldı”
Zəfər Günümüzlə bağlı ölkəmizin hər yerində tədbirlər keçirilir, bayram təntənə ilə qeyd edilir.
Kaspi Liseyinin İbtidai korpusunda və Ağ şəhər Liseyində keçirilən 8 Noyabr Zəfər Gününə və 9 Noyabr Bayraq Gününə həsr olunan tədbirlər də bu silsilədəndir.
Liseyin şagird və müəllim heyətinin, müharibə veteranlarının, qazilərin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi “Azadlıq çiçəyi” adlı tədbirdə Vətən Müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla anıldı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
“Dəmir Yumruq” əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Müzəffər Ali Baş Komandanımızın göstərişi ilə qəhrəman əsgərlərimizin, şəhidlərimizin sözlə ifadə edilə bilməyən şücaəti sayəsində bir vaxtlar arzu və diləklərdə, sağlıqlarda söylənilən “Qarabağ” yaramız sağaldı”- deyə tədbirin aparıları qeyd etdi: “Azərbaycanın hərbi sahədə əldə etdiyi qələbələr, xüsusilə Şuşanın düşməndən azad edilməsi müharibənin taleyində çox vacib rol oynadı. Bu qələbəni bu gün böyük iftixar hissiylə yaşamağımız Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində mümkün oldu”.
Zəfər bayramının siyasi və mənəvi əhəmiyyəti
Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva çıxış edərək hamını bayram münasibətilə təbrik etdi: “Zəfər bayramı bizə böyük itkilərlə başa gəlsə də tarixi başucalığı gətirib. Biz illərlə bu qələbəni gözləyirdik. Zəfər bayramının həm siyasi, həm mənəvi əhəmiyyəti heç bir dastana, heç bir ölçüyə sığa bilməz. Dünyanın güclü dövlətləri 30 illik işğalı unutdurmağa çalışırdılar. 44 günlük müharibə bizim qələbəmizlə başa çatdı. Biz qəhrəmanların keçdiyi yolu sözlə təsvir edə bilmərik. Bu gün bizim üçün “Dəmir yumruq” mənəvi gücdür. Xalqla Ali Baş Komandanın milli qətiyyəti, ordumuzun rəşadəti ilə bu qələbə qazanıldı”. S.Vəliyeva qeyd etdi ki, hazırda Kaspi liseylərində təhsil alan şəhid övladları hər cür diqqət və qayğı ilə əhatə olunub: “Biz “Yaşat Fondu” ilə əl-ələ verərək şəhid övladlarının məktəbimizdə təhsil almasına şərait yaratdıq. Onların qayğısı ilə maraqlanmaq, onlara diqqət göstərmək hər birimizin borcudur. Biz bütün şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı qarşısında baş əyirik. Vətənimizin bütövlüyünə, azadlığına görə biz onlara çox borcluyuq. Biz böyüyən nəsli elə tərbiyə etməliyik ki, onlar vətənpərvər, Vətənə, torpağa bağlı böyüsünlər. Bu torpaq onlara əmanətdir. Bunun üçün biz daim ayaq üstəyik”.
Bir əmanət vardı - Vətən əmanəti
Liseyin direktoru Həsən Həsənov tədbirdə iştirak edən qazilərimizi Zəfər bayramı münasibətilə təbrik etdi: “Biz Zəfər gününü bir vətəndaş və müəllim olaraq qeyd edirik. Biz əvvəllər qəhrəmanlar haqqında kitablardan oxuyurduq, onları filmlərdə görürdük. Bu gün həmin insanlar bizim aramızdadır, bizim tədbirdə iştirak edirlər. Bu, artıq nağıl deyil, həqiqətdir. Bizim gördüyümüz iş canını Vətən uğrunda fəda edən qəhrəmanlarla müqayisədə dəryada damladır. Bu insanlar müharibəyə gedərkən yalnız torpaqların azad edilməsini düşünüblər. Bir əmanət vardı - Vətən əmanəti, ona sahib çıxmaq üçün getdilər. Biz bu qəhrəmanlara təşəkkür edirik, şəhidlərimizin ruhu qarşısında baş əyirik!” Direktor bildirdi ki, bu günün və gələcəyin qəhrəmanları olan şagirdlərimizə Bayrağımız əmanətdir: “Bu gün səhnəyə çıxan, bayrağımıza bürünən bu uşaqlar nüfuzlu universitetlərdə oxuyacaqlar, ölkəmizi ləyaqətlə təmsil edəcəklər. Onlar Vətənin layiqli övladları, qurucuları olacaqlar. Şagirdlərimiz bu ruhda böyüyürlər”.
Tədbirə dəvət alan qazı və veteranlar çıxış edərək Zəfər Gününün qürurunu yaşadıqlarını bildirdilər: “Qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. Bu Vətən uğrunda döyüşdüyümüz üçün fəxr edirik!”
Tədbirdə iştirak edən qazilər lisey adından tərifnamələrlə təltif olunublar. Sonda Liseyin şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib.
kaspi.edu.az