Gənc müəllimlər üçün “Effektiv ünsiyyət bacarıqları” təlimi keçirilib
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Gənc müəllimlər üçün “Effektiv ünsiyyət bacarıqları” təlimi keçirilib
- 27 Noyabr 2024
Gənc müəllimlər üçün “Effektiv ünsiyyət bacarıqları” təlimi keçirilib
Müəllimlər həm nəzəri, həm də praktiki biliklər qazanıblar
Kaspi liseylərində Peşəkar Təlim və İnkişaf Mərkəzi tərəfindən gənc müəllimlər üçün “Effektiv Ünsiyyət Bacarıqları” mövzusunda xüsusi təlim təşkil olunub.
Mərkəzin direktoru Nəcməddin Mehtiyevin kaspi.edu.az-a verdiyi məlumata görə, təlimin əsas məqsədi iştirakçıların şəxsi və peşəkar həyatlarında uğurlu ünsiyyət qurmaq üçün vacib bilik və bacarıqlar əldə etmələrini təmin etməkdir. Belə ki, müəllimlər ünsiyyətin dinləmə, bədən dili, empatiya və düzgün mesajın çatdırılması kimi əsas elementləri haqqında həm nəzəri, həm də praktiki biliklər qazanıblar: “Effektiv ünsiyyət bacarıqları” təlimi iştirakçıların gündəlik fəaliyyətdə ünsiyyətlərini daha təsirli etmək üçün zəruri alətləri təqdim etdi. Təlim proqramı ünsiyyətin prinsipləri, fəal dinləmə texnikaları, emosional intellektin effektiv ünsiyyətdəki rolu, nitqin strukturlaşdırılması və auditoriya ilə əlaqə qurma üsulları kimi əhatəli mövzuları əks etdirirdi. Xüsusi olaraq, qeyri-verbal ünsiyyət vasitələrinin – bədən dili, jestlər, mimikalar və göz təmasının – insan münasibətlərindəki əhəmiyyəti vurğulandı”. N.Mehtiyevin bildirdiyinə görə, təlim zamanı müəllimlərə məktəb mühitində effektiv ünsiyyətin tətbiqi ilə bağlı diqqət edilməsi vacib olan nüanslar izah edilib: “İştirakçılar müxtəlif yanaşmalar vasitəsilə fərqli baxışları anlamaq, mədəni və emosional fərqlilikləri nəzərə almaq və auditoriyaya təsirli nitqlər hazırlamaq barədə məlumatlandırıldılar. Təlimin məzmunu yalnız nəzəri biliklərlə məhdudlaşmırdı, həmçinin iştirakçılara praktiki tövsiyələr və real nümunələr təqdim edildi. Bu təlim müəllimlərin ünsiyyət bacarıqlarını təkmilləşdirərək, onların həm sinif daxilində, həm də həmkarları ilə münasibətlərində daha təsirli və inamlı olması üçün yollar göstərdi”.
“Effektiv Ünsiyyət Bacarıqları” təliminin yalnız müəllimlərin peşəkar inkişafına deyil, həm də ümumi məktəb mühitində sağlam və uğurlu münasibətlərin qurulmasına töhfə verəcəyi gözlənilir.
kaspi.edu.az