Ev tapşırığı: Lazımdır, yoxsa yük?

Ev tapşırığı: Lazımdır, yoxsa yük?

Ev tapşırığı: Lazımdır, yoxsa yük?

Ev tapşırığı həmişə pedaqoqlar, valideynlər və şagirdlər arasında mübahisəli məsələ olmuşdur. Bəziləri ev tapşırığını tədrisi gücləndirmək üçün vacib bir vasitə hesab edərkən, digərləri bunu uşaqların asudə vaxtlarını və öyrənməyə olan həvəslərini əlindən alan lazımsız bir yük kimi görür.

Keti Vatterott özünün “Ev tapşırığını yenidən düşünmək” kitabında valideynlərin tez-tez ev tapşırıqlarına mənfi yanaşmasını iki başlıqda qruplaşdırır:

1) Asudə vaxt itkisi: Bəzi valideynlər düşünürləri ki, ev tapşırığı övladlarının uşaqlıq illərini məhv edir, onların oyun, istirahət və ailə fəaliyyətləri üçün vaxtını məhdudlaşdırır. 2) Öyrənmə sevgisini aşındırması: Bəziləri isə belə düşünür ki, v tapşırığı uşaqların təbii maraq və öyrənmə sevgisini söndürür.

Buna baxmayaraq, bir çox pedaqoqlar ev tapşırığının öyrənmə prosesində əhəmiyyətli bir vasitə olduğuna inanır və şagirdlərin yumşaq bacarıqlarının formalaşdırılmasında və inkişaf etdirilməsində mühüm rol oynadığını vurğulayırlar.

Gəlin ev tapşırığının şagirdlərin akademik inkişafı və gələcəyi üçün niyə bu qədər vacib ola biləcəyini araşdıraq.

Ev tapşırığının şagirdlərin akademik inkişafında əhəmiyyəti: 

Öyrənilənlərin möhkəmləndirilməsi: Ev tapşırığı şagirdlərə dərsdə öyrəndiklərini nəzərdən keçirmək və tətbiq etmək imkanı verir ki, bu da mövzunu tam qavramaq üçün vacibdir.

Tənqidi təfəkkürün inkişafı: Şagirdlər sinifdə öyrəndikləri anlayışları yeni üsullarla tətbiq edərək həllər axtarması tənqidi düşünmə bacarıqlarını artıra bilər.

Ev tapşırığı və yumşaq bacarıqların inkişafı

Akademik məzmundan əlavə, ev tapşırığı gələcək iş yerində uğur üçün həyati vacib olan əsas yumşaq bacarıqları inkişaf etdirmək üçün əvəzsiz bir vasitədir:

Məsuliyyət və nizam-intizam: Ev tapşırıqlarını idarə etməklə şagird təhsil səyahətləri üçün məsuliyyət daşımağı öyrənir.

Müstəqil öyrənmə və özünü motivasiya: Ev tapşırıqlarını yerinə yetirmək müstəqillik hissini və sinifdən kənarda öyrənmək üçün motivasiyanı artırır.

Dözümlülük və əzm: Çətin tapşırıqların öhdəsindən gəlmək eyni zamanda şagirdlərə  çətinliklərin öhdəsindən gəlmək bacarığını inkişaf etdirməyə kömək edir.

Zamanın idarə edilməsi və təşkilat: Şagirdlər tapşırıqları prioritetləşdirməyi və çoxlu tapşırıqları yerinə yetirərkən vaxtlarını səmərəli idarə etməyi öyrənirlər.

Valideynlər və müəllimlər üçün təkliflər

Ev tapşırıqlarında valideynlərin rolu: Valideynlər övladlarına diqqəti yayındırmayan, öyrənmələri üçün əlverişli mühit yaratmaqla dəstək ola bilərlər. Buna yalnız uşaqlar üçün fərdi otaq təmin etməklə deyil, həm də evdə hər kəsin kollektiv şəkildə oxuduğu mütaliə vaxtını təşkil etməklə nail olmaq olar. Bu həm də valideynlər və uşaqlar arasında əlaqələri gücləndirəcəkdir.

Müəllimlərin rolları: Müəllimlər öz şagirdlərinin ehtiyaclarını və bacarıq səviyyələrini nəzərə alaraq ev tapşırıqlarının nə həddən artıq ağır, nə də çox sadə olmamasını təmin edə bilər. Eyni ev tapşırığını bütün sinfə vermək istənilən nəticəni verməyəcək. Həmçinin şagirdlər öz işlərinin dəyərini və necə inkişaf etdiriləcəyini başa düşmələri üçün təlimatlandırıcı ardıcıl rəy çox vacibdir. Daim nəzərdə saxlamaq lazımdır ki, tapşırıq təkcə təkrarla bağlı deyil, həm də tədris və təlim prosesini təkmilləşdirmək üçün strateji vasitədir.

Nəticə olaraq, ev tapşırığı səmərəli və balanslı şəkildə istifadə edildikdə şagirdin öyrənməsini artırmaq və əsas həyati bacarıqlarını inkişaf etdirmək üçün güclü vasitə ola bilər. Bu, şagirdin ehtiyaclarına, məktəbin gözləntilərinə və reallıqlara əsaslanan düzgün balansı tapmaqdan ibarətdir. Təhsilin bir çox aspektlərində olduğu kimi, bu fəaliyyətin uğurlu təşkilində də açar valideyn və müəllimlərin düzgün ünsiyyət və əməkdaşlığıdır.

Sahil Əliyev

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız