Əsirlikdən azadlığa aparan yol

Əsirlikdən azadlığa aparan yol

Əsirlikdən azadlığa aparan yol

Kaspi ailəsi olaraq hər zaman şəhid ailələrinin yanında olmağa çalışmışıq

Sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsinin başlamasından üç il ötür. 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, o cümlədən Dağlıq Qarabağın bir hissəsini azad etdi, Şuşaya bayrağını sancdı, Zəfər Gününü təsis etdi...

Kaspi Liseyinin Bakıxanov Filialının Azərbaycan dili və Ədəbiyyat müəllimi Nilufər Həmzəyeva  Zəfər Günümüzə aparan məşəqqətli və şərəfli yola nəzər salıb:

“Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir”- deyə Ulu Öndər Heydər Əliyev demişdi. Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi o xoş xəbəri nəhayət ki, eşitmək bizlərə nəsib oldu. Ulu Öndərin də ruhu dinclik tapdı...

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar öz bəhrəsini verdi. Sanki ata nəsihəti həyata keçirildi. 10 noyabr 2020-ci il tarixinin şanlı səhifəsinə Qələbə Günü qızıl hərflərlə yazıldı. Bu əbədi və silinməz yazı Azərbaycan xalqının yaddaşında ömürlük öz yerini aldı.

Əslində, Azərbaycan xalqı iki gün əvvəl - 8 Noyabrdan qələbəni qeyd edirdi. Dövlət Bayrağı Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi, öz hərbi strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən işğaldan azad edildiyini bəyan etdi. Bəli, bu xəbər 28 il 6 aydan sonra təkcə ürəkləri Şuşa dərdi ilə yanıb kül olan şuşalıların deyil, bütün xalqımızın aldığı ən gözəl xəbər idi. Ana laylasının əks-səda verdiyi Şuşa dağlarının artıq başı dumanlı deyildi. Artıq Şuşa azad idi. 30 illik həsrətimizə son qoyan bu əzəmətli Qələbə düşmən tapdağında qalan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi demək idi. Azərbaycan ordusu düşməndən qisasını aldı. Canları və qanları bahasına olsa da, yenilməzliyini sübut edən əsgərlərimiz tarixə öz imzasını atdı. İşğaldan azad olunmuş torpaqlarımızın hər qarışında şücaəti ilə dünyaya səs salan igidlərimizin ayaq izləri var. Hər bir azərbaycanlı aldığı son nəfəsə qədər qələbəni bizlərə bəxş edən şəhidlərimizə və qazilərimizə borcludur. Onların yadigarlarını göz bəbəyi kimi qorumaq həmişə bizim ən başlıca vəzifəmiz olmalıdır.

Kaspi ailəsi olaraq hər zaman bizlər də şəhid ailələrinin yanında olmağa, onlardan dəstəyimizi əsirgəməməyə çalışmışıq. Ana qucağından pöhrələnən Vətən sevgisi təhsil ocağında qol-qanad açır. Vətənə, vətəndaşa olan sevgini aşılamaq biz təhsilverənlərin birinci qayəsidir. Kaspi Liseyində təhsil alan hər bir şagird öz vəzifəsini dərk edir, bu ruhda yetişdirilir. Şəhid övladlarının təhlükəsiz mühitdə təhsil almaları üçün liseyin hər bir üzvü bu məsələyə həssaslıqla yanaşır.

İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə, qürurla çıxan bizlər qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək, dünyadakı mövqeyimizi daha da gücləndirəcəyik.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız