Coğrafiyanı öyrənmək niyə vacibdir?
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Coğrafiyanı öyrənmək niyə vacibdir?
- 08 Avqust 2024
Coğrafiyanı öyrənmək niyə vacibdir?
Kaspi Liseyinin müəllimi: “Coğrafiyanın öyrənilməsi ətraf mühitimizi anlamağa kömək edir”
“Coğrafiyanın öyrənilməsi mədəni cəhətdən məlumatlı bir cəmiyyətin, ziyalı bir təbəqənin varlığına gətirib çıxarır. Təhsilli dünya vətəndaşı olmaq coğrafiyanı öyrənməkdən başlayır”. Kaspi Ağ Şəhər Filialının Coğrafiya fənn rəhbəri Zaur Əliyev kaspi.edu.z-a müsahibəsində Coğrafiya fənninin şagirdlər üçün əhəmiyyətini izah edib:
Qlobal vətəndaş olmaq yolu
-Zaur müəllim, coğrafiyanı öyrənməyin hansı həyati əhəmiyyəti var?
-Coğrafiyanın əhatə etdiyi hər şey dünyamızın vacib hissəsidir. Coğrafiyanın öyrənilməsi ətraf mühitimizi anlamağa kömək edir.
Fiziki Coğrafiya:
Bu, iqlimi, relyef formalarını, su obyektlərini torpağın fiziki quruluşunu və təbii ehtiyatları öyrənir.
İnsan coğrafiyası: insanların ətraf mühitlə qarşılıqlı əlaqəsini, inkişaf etdirdikləri mədəni nüansları və qurduqları cəmiyyətləri araşdırır.
Fiziki və insan coğrafiyası arasında körpü kimi görünən inteqrasiya olunmuş coğrafiya, insanlar və onların ətraf mühiti arasındakı mürəkkəb əlaqəni araşdırır.
Coğrafiyanı öyrənənlər qlobal vətəndaş olmaq yolunda irəliləyirlər. Coğrafiyanı dərk edənlərin qlobal qarşılıqlı asılılığımızı anlamaq ehtimalı daha yüksəkdir.
Coğrafiya tarixdə baş verənlərin niyə, nə vaxt və necə baş verdiyini anlamağa kömək edir. Coğrafiyanı öyrənməklə tarixi daha yaxşı öyrənəcəksiniz.
Səyahət etməzdən əvvəl bir yerin coğrafiyasını öyrənməklə özünüz üçün daha yaxşı səyahət təcrübəsi planlaşdırmağınıza kömək edəcək, həm də orada olduğunuz müddətdə vaxtınızdan maksimum yararlanacaqsınız.
Qloballaşma mədəniyyətlərin qlobal şəkildə səyahət etməsi və başqalarına təsir etməsi prosesidir. Coğrafiyanın öyrənilməsi qloballaşmanın hara apara biləcəyini anlamağa kömək edir.
Coğrafiyanın öyrənilməsi cari hadisələri daha yaxşı başa düşməyə kömək edəcək. Harada olmağınızdan asılı olmayaraq naviqasiya bacarıqlarınızı inkişaf etdirə bilər (şimala və ya cənuba getdiyinizi bilə bilərsiniz).
Əgər siz məktəbdə, universitetdə coğrafiya öyrənmək qərarına gəlsəniz, məzun olduqdan sonra imkanlarınız genişlənir. Bir çox coğrafiya məzunları şəhər və regional planlaşdırma ilə məşğul olurlar, bu sahə sürətlə inkişaf edir. Digər coğrafiyaçılar ətraf mühitin idarə edilməsi və iqlim dəyişikliyi ilə mübarizəyə birbaşa təsir göstərə bilərlər.
Nəhayət, coğrafiyanın öyrənilməsi mədəni cəhətdən məlumatlı bir cəmiyyətin, ziyalı bir təbəqənin varlığına gətirib çıxarır. Təhsilli dünya vətəndaşı olmaq coğrafiyanı öyrənməkdən başlayır.
-Müasir dövrümüzdə şagirdlərin idrak fəallığını və dünya haqqında məlumatlılığını artırmaq üçün fənlə bağlı hansı interaktiv təlim metodlarından istifadə edilir?
-Müasir dərs müəllim yaradıcılığına əsaslanır. Dərsə hazırlıq prosesində mövzunun məqsədi (öyrədici istiqamət - tədqiqat nəticəsində formalaşdırılan bilik və bacarıqlar; tərbiyəedici istiqamət - əməkdaşlığın şəxsiyyətin inkişafında rolu; inkişafetdirici istiqamət - fəallıq, uyğunlaşma, tədqiqatçılıq, məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişafı) təyin edilməlidir. Dərsin məqsədi standartın reallaşdırılmasına xidmət edir.
Müasir dərs üç mərhələdən ibarətdir.
Təlimdən əvvəl və ya gözlənti yaratma mərhələsi
Motivasiya bu mərhələdə həyata keçirilir. Bu mərhələdə şagirdlər “Beyin həmləsi” (əqli hücum) yolu ilə mövzuya aid olan müəyyən bilikləri yada salırlar. Beyin həmləsi fərdi, cütlər və ya qruplar şəklində həyata keçirilir.
Təlim və ya biliklərin qurulması mərhələsi
Şagirdlər yeni mövzunu bu mərhələdə mənimsəyir və tədqiq edirlər. Tədqiqatın aparılması üçün müxtəlif təlim formaları seçilə bilər: bütün siniflə birgə, kiçik qruplarda, cütlük şəklində və fərdi şəkildə. Tədqiqat prosesi müxtəlif mənbələr üzərində aparıla bilər: mətn, cədvəl, xəritə, xəritə-sxem, qrafik və diaqram üzərində iş
Təlimdən sonra və ya birləşdirmə mərhələsi
Yeni anlayışların əldə edilməsi, yeni biliyin möhkəmləndirilməsi bu mərhələdə həyata keçirilir. Öyrənmə fərdi formada yerinə yetirilir. Müəllim şagirdləri müzakirəyə cəlb edir, öyrənilənlər qiymətləndirilir. Dərsin sonu refleksiya ilə bitir. Refleksiya şagirdlərin mətni necə mənimsədiklərini əks etdirən sualların qoyuluşuna, eləcə də şagirdlərin rəylərinin öyrənilməsinə xidmət edir. Refleksiya şagirdlərdə özünü qiymətləndirməyə imkan yaradır ki, bu da dərsin tərbiyəedici əhəmiyyətini artırır.
Əsas məktəb fənlərindən biri
-Şagirdlərin ölkəmiz haqqında biliklərini daha da genişləndirmək üçün hansı vasitələrə üstünlük verilir?
-Coğrafiya fənninin ümumtəhsil məktəblərində tədris olunmasının başlıca məqsədi şagirdlərdə Azərbaycanın təbii şəraiti, təbii ehtiyatları, əhalisi və demoqrafik vəziyyəti, dünya ölkələri ilə müqayisədə Azərbaycanın iqtisadi və sosial-coğrafi xüsusiyyətləri, qloballaşma prosesində iştirakı barədə təsəvvürlər yaratmaqdır.
-Şagirdlərin coğrafiya fənninə marağı nə qədərdir?
-Coğrafiya Azərbaycanda əsas məktəb fənlərindən biridir. Coğrafiyanın sosial elmlərdə çətin bir fənn olduğu barədə ümumi bir fikir var. Bu fikir məktəblərdə coğrafiyanın öyrənilməsinə mane olan bir sıra əlaqəli amillərə görə mövcud ola bilər. Məktəbin bu sahə üzrə kifayət qədər resurslarının (fənn kabineti, meydança, cihazlar və s.) olmaması da şagirdlərin coğrafiyaya olan maraqlarını azaldır və öyrənmə çətinliyini artırır. Ancaq buna baxmayaraq coğrafiya aşağı sinif (6-8) şagirdlərinin ən çox sevdiyi və maraq göstərdikləri fənlərdən biridir. Qəbul imtahanlarında sual tiplərinin çətinliyi (coğrafiyanın ayrı-ayrı sahələrini əlaqaləndirən, kartometrik təhlilə əsaslanan sual tipləri), iqtisadiyyat sahəsinin əvvəlki illərlə müqayisədə aktuallığını itirməsi yuxarı sinif şagirdlərində bu fənnə qarşı marağı müəyyən qədər azaldıb. Müəllimlər mütəmadi olaraq sinifdə İKT resurslarından, innovativ metodlardan, tədris vəsaitlərindən istifadə etməklə şagirdlərin fənnə maraqlarını artıra bilərlər.
İmtahanlarda yüksək nəticə əldə etmək üçün
-Məlumdur ki, qəbul imtahanlarında abituriyentlər coğrafiya fənni üzrə həmçinin alt qrup predmeti kimi imtahan verirlər. Şagirdlərin imtahana hazırlıq səviyyələri necədir?
-Alt qrup üzrə coğrafiya fənnindən imtahan verəcək şagirdlərimizin sayı çox deyil, çünki, bu qrup üzrə abituriyentlərimiz yalnız iki ixtisas ( Beynəlxalq iqtisadi münasibətlər, Regionşünaslıq ) seçiminə malikdirlər. Bu şagirdlər üçün ayrıca dərs saatları nəzərdə tutulmuş və tədris proqramı əsas qrupda olduğu kimi hazırlanmışdır. Şagirdlər hazırlıq səviyyələrini artırmaq üçün sınaq imtahanlarında fəal iştirak edirlər. Biz (coğrafiyaçılar) III ixtisas qrupunun blok fənlərinə coğrafiyanın əlavə edilməsini təklif edirik (Bu barədə müvafiq təşkilatlara müraciətlərimiz də olub). Tarix, politologiya, sosial iş, dövlət və ictimai münasibətlər kimi ixtisasları seçən şagirdlər müəyyən coğrafi biliklərə sahib olmalıdırlar.
-İmtahanlarda yaxşı nəticə qazanmaqdan ötrü şagirdlər sınaq imtahanlarında fəal iştirak edirlərmi?
-Şagirdlərimiz demək olar ki, hər ay keçirilən sınaq imtahanlarında fəal iştirak edirlər. İmtahandan sonra suallar müzakirə edilir, nəticələr vaxtında şagirdlərə çatdırılır və müqayisəli şəkildə təhlil olunur. Bu ildən etibarən dərəcə qrupları üçün ayrıca sınaqlar keçirilir və bu onların imtahanlarda yüksək nəticə əldə etmələrinə çox kömək edə bilər.
-Məktəblilər coğrafiya fənni ilə bağlı hər hansı bilik yarışlarında iştirak edirlərmi?
-İllik fəaliyyət planımızda hər iki yarımil üzrə nəzərdə tutduğumuz bilik yarışında Kaspi liseylerinin 6-8-ci sinif şagirdləri iştirak edirlər. I yarımildə keçirilən yarışda zəif və orta göstəricilərə malik şagirdləri cəlb etməklə onlarda fənnə olan marığı artırmış oluruq. Bu şagirdlər II yarımildə akademik nəticəsi yüksək olan şagirdlər arasında keçirilən bilik yarışında iştirak edə bilmələri üçün daha həvəslə çalışaraq nəticələrini yüksəltməyə çalışırlar. Yuxarı siniflərimiz isə Breyin-rinq yarışmalarına qatılırlar.
kaspi.edu.az