Böyükləri və uşaqları sevindirən şair

Böyükləri və uşaqları sevindirən şair

Böyükləri və uşaqları sevindirən şair

Kaspi Liseyində “Milli yaddaş” dərsləri şərçivəsində İbrahim Yusifoğlu ilə görüş keçirilib

“İbrahim Yusifoğlu yaradıcılığı ilə yalnız böyükləri deyil, həm də uşaqları sevindirən, onların qəlbində iz buraxan bir şairdir. Onun yazdığı şeirlər, hekayələr, ədəbi nümunələr uşaqların mənəvi dünyasının inkişafına böyük təsir göstərib…”

Kaspi Liseyində tanınmış şair və pedaqoq İbrahim Yusifoğlunun 70 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə səslənən bu fikirlər görüşü liseyin şagirdlərinin yaddaşına yazdı.

Tədbirin aparıcısı qonağı auditoriyaya daha yaxından təqdim etmək üçün “Şair sözləri ilə dünyaya yeni bir pəncərə açan, hissləri, duyğuları, düşüncələri ustalıqla qələmə alan bir sənətkardır. Bu gün bizimlə olan Azərbaycan pedaqoqu və şairi, Prezident mükafatçısı İbrahim Yusifoğlu özünün gözəl əsərləri və fikirləri ilə düşüncələrimizi genişləndirmək  üçün buradadır”- deyə qeyd etdi: “Bu gün bir-birindən gözəl misraların dünyasına səyahət edəcəyik. Bu səyahət bizə şairin qəlbindən süzülüb gələn duyğuları, düşüncələri və hikmətləri daha dərindən anlamağa imkan verəcək. Müəllimi bağbana bənzədən şair, təkcə şagirdlərinin bilik toxumlarını səpməklə kifayətlənməyib, həm də o toxumların necə bir bağa çevriləcəyinə sevgi ilə diqqət yetirib”.

Kaspi Təhsil Şirkətinin təsisçisi, şairə, publisist Sona Vəliyeva çıxış edərək qonağı yubileyi münasibətilə təbrik etdi. İ.Yusifoğlunu milli şeirimizin istedadlı və daim axtarışlarda olan nümayəndələrindən biri adlandıran S.Vəliyeva qonaq haqqında məlumat verərək bildirdi ki, İ.Yusifoğlu bədii yaradıcılığa 1968-ci ildə başlamış, ilk “Qələbə atəşi” adlı şeri 1971-ci ildə Şərur rayonunda dərc olunan “İşıqlı yollar” qəzetində çap edilib. Şairin əsərləri türk, rus və fransız dillərinə tərcümə olunub. Ümumilikdə 25-dən çox şeirlər, poema, hekayə, povest və mənzum pyes kitablarının müəllifidir. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür: “İbrahim Yusifoğlunun yaradıcılığında istedadla zəhmət amili birləşib. Bunun vəhdətindən oxucuların qəlbinə süzülən şeirlər, hekayələr yaranır. Şairin qələmindən çıxmış şeirlər uzunömürlüdür. İbrahim Yusifoğlunun şerləri qəlblərə səpilən söz toxumlarıdır, zamanla çiçəklənən gözəl fikirlər bağçasına çevrilir”.

Liseyin direktoru Həsən Həsənov qonağın yaradıcılığı haqqında danışaraq, onun uşaqlar üçün yazılmış “Qiymayın uşaqlara” adlı kitabı haqqında da məktəblilərə məlumat verib.

Tədbirdə İbrahim Yusifoğlunun uşaqlar üçün yazdığı şeirlər səslənib. Qonaq məktəbliləri maraqlandıran sualları cavablandırıb, şeirlərini oxuyub.

İ.Yusifoğluna yubileyi münasibəti ilə hədiyyə təqdim olunub. Sonda xatirə şəkli çəkilib.

Xatırladaq ki, Kaspi Liseyi “Milli yaddaş” dərsləri çərçivəsində tanınmış ziyalılarla, ədəbiyyat və sənət adamları ilə görüşlərini davam etdirir. Dərslər maarifçilik ideyalarının, Azərbaycançılıq məfkurəsinin, tarixi ənənələrin təbliği, onların gənc nəslə, şagirdlərə aşılanması məqsədi daşıyır.

kaspi.edu.az

 

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız