8 Mart – Beynəlxalq Qadınlar Günüdür

8 Mart – Beynəlxalq Qadınlar Günüdür

8 Mart – Beynəlxalq Qadınlar Günüdür

Prezident İlham Əliyev: “Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar”.

Martın 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün qadına hörmət, sevgi ifadəsi olan, onu zəriflik mücəssəməsi kimi dəyərləndirən bayramdır.

Bu bayram ilk dəfə 1857-ci il martın 8-də Nyu-Yorkda toxucu qadınların sosial tələbli aksiyası ilə tarixə düşüb. 1910-cu ildə Kopenhagendə (Danimarka) qadınların beynəlxalq konfransında alman sosialisti Klara Setkinin təşəbbüsü ilə bu tarixin “Beynəlxalq qadınlar günü” kimi qeyd edilməsi qərara alınıb.

Əlamətdar gün 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, daha sonra digər Avropa ölkələrində qeyd olunub.

Azərbaycanda 8 Martın qeyd edilməsi ənənəsi sovetlər dövründə, ötən əsrin 20-ci illərində yaranıb. 1966-cı ildən isə keçmiş SSRİ-də, o cümlədən respublikamızda bu gün rəsmi bayram (qeyri-iş günü) kimi qeyd olunmağa başlanıb.

Yaranma tarixinə, uzun illər daşıdığı tarixi-ideoloji özəlliklərə rəğmən 8 Mart dünyanın böyük qisminin qəbul etdiyi, 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatının da rəsmiləşdirdiyi (Beynəlxalq Qadınlar Günü) bayramdır.

Dövr, zaman, ictimai-siyasi sistem və quruluşlar dəyişsə də, 8 Mart bütün qadınların – evdə ana və bacıların, ailədə xanımların, qız övladların, işdə xanım həmkarların bayramıdır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib: “Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət-qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır”- deyə ölkə başçısı qeyd edib. Prezidentin təbrikində deyilir ki, zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır: “Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.

Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir. Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər”.

Əziz xanımlar, bayramınız mübarək!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız