26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- 26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür
- 26 Yanvar 2024
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür
Kaspi Təhsil Şirkəti “Yaşıl dünya naminə həmrəylik ilində “Yaşıl addımlar” layihəsinə start verib
Dünya Ekoloji Təhsil Gününün qeyd edilməsində əsas məqsəd ətraf mühit problemlərinə, onların həllinə ictimai diqqəti yönəltmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqda ekoloji təhsilin və ekoloji maarifləndirmənin vacibliyini vurğulamaqdır.
kaspi.edu.az xəbər verir ki, müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “İnsanın ətraf mühiti” adlanan konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm Sazişi qəbul edilib. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip yer alıb. Prinsiplərdən biri “Ətraf mühit üzrə təhsil vacibdir” adlanır.
Qeyd edək ki, Dünya Ekoloji Təhsil Gününün keçirilməsində əsas məqsəd məktəblilərin diqqətini ətraf mühit problemlərinə, onların həllinə yönəltmək, ekoloji təhsilin və ekoloji maarifləndirmənin vacibliyini vurğulamaqdır. Bu günlə bağlı dünyanın bir çox ölkəsində təhsil müəssisələrində, uşaq bağçalarında ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət cəlb edilir, ekoloji məsələlərə həsr edilmiş konfranslar və seminarlar keçirilir, dəyirmi masalar təşkil olunur.
Azərbaycanda aparılan təhsil islahatları, təhsil prosesinə yaradıcı münasibət, yeni texnologiyaların tətbiqi, təhsilin dünya standartları səviyyəsində qurulmasında mühüm rol oynayır. Bu, islahatlar çərçivəsində ekoloji təhsilin inkişafı və ekoloji dünyagörüşün formalaşması üçün geniş perspektivlər yaranıb.
Kaspi təhsil müəssisələrində də “Dünya Ekoloji Təhsil Günü” ilə əlaqədar maarifləndirici vebinarlar keçirilir, xüsusilə məktəblilərin ekoloji dünyagörüşünün formalaşdırılmasına yönələn tədbirlər təşkil olunur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi qərara alınıb.
Kaspi Təhsil Şirkəti “Yaşıl dünya naminə həmrəylik ilində “Yaşıl addımlar” layihəsinə start verib.
Əziz müəllimlər və şagirdlər, gəlin, yaşıl dünya naminə həmrəy olaq!
kaspi.edu.az