26 İyun - Silahlı Qüvvələr Günüdür

26 İyun - Silahlı Qüvvələr Günüdür

26 İyun - Silahlı Qüvvələr Günüdür

Ölkəmizin hər bir vətəndaşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan müasir ordu quruculuğu siyasətindən qürur duyur, iftixar hissi keçirir.

26 İyun tariximizin əlamətdar səhifələrindən biri - Azərbaycan Milli Ordusunun yarandığı gündür. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk milli diviziyanın və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etdi.

Kaspi.edu.az xəbər verir ki, Milli Ordunun yaranması Azərbaycan xalqının milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən önəmli mərhələlərindən biri idi. Məhz güclü, nizami ordu 1918-ci il may aının 28-də elan edilmiş istiqlalın bütün ölkə ərazisində qələbə çalmasını təmin edə bilərdi. Artıq iyun ayının əvvəlində Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti əksəriyyəti ermənilərdən ibarət olan 20 minə yaxın döyüşçü ilə Cümhuriyyətə qarşı savaşa başladı. Məqsəd milli hökumətin Tiflisdən Gəncəyə köçməsinə mane olmaq idi. Lakin daşnaklar buna nail ola bilmədilər. İyun ayının 26-da ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul edildi, Azərbaycan Milli Ordusunun təməli qoyuldu. General Səmədağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu. 1919-cu il milli ordu quruculuğunda həlledici mərhələ oldu. Ordunun yaradılması prosesi 1920-ci il yanvar ayında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. “1920-ci ilin aprel ayında XI Qızıl Ordu Azərbaycan sərhədlərinə yaxınlaşmış və A.Mikoyan başda olmaqla Bakı bolşevikləri rus ordusunu Bakıya çağırmışdı. Milli Ordunun sərhəddəki azsaylı hissələri ruslara müqavimət göstərə bilməmişdi. Aprelin 27-də Bakı buxtasına yan alan XI ordunun hərbi gəmiləri artıq toplarını parlament binasına tuşlamış, Bakıda milli hökumət süqut etmişdi. Azərbaycan istiqlaliyyətinin süqutu ilə Milli Ordunun mövcudluğuna da son qoyulmuşdu. Bolşevik hökuməti isə artıq 1920-ci il mayın 7-də Azərbaycanda ordu və donanmanın yenidən təşkil edilməsi barədə dekret vermişdi. Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i bolşeviklər tərəfindən güllələnmiş, komandirlərin böyük hissəsi repressiyaya məruz qalmışdı”-deyə mənbələrdə qeyd edilir.

Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə gerçək ordu quruculuğuna başlandı. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edildi. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Otuz ilə yaxın bir müddətdə  Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi.

Bu gün Azərbaycan Milli Ordusu Cənubi Qafqazda ən müasir ordu hesab olunur. Ölkəmizin hər bir vətəndaşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan müasir ordu quruculuğu siyasətindən qürur duyur, iftixar hissi keçirir.

Kaspi Təhsil Şirkəti Milli Ordumuzun bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edir, ölkəmizə həmişə sülh arzulayır! 

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız