18 sentyabr - Milli Musiqi Günüdür
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- 18 sentyabr - Milli Musiqi Günüdür
- 18 Sentyabr 2023
18 sentyabr - Milli Musiqi Günüdür
Prezident İlham Əliyev də Azərbaycanın musiqi ictimaiyyətini Milli Musiqi Günü münasibətilə təbrik edib
18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarixdə dahi Azərbaycan bəstəkarı və musiqişünası, milli bəstəkarlıq məktəbinin banisi, müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, Şərqdə ilk opera və musiqili komediyaların yaradıcısı, böyük mütəfəkkir alim Üzeyir Hacıbəyli dünyaya gəlib.
Kaspi.edu.az xəbər verir ki, Üzeyir bəyin ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyubÜzeyir bəyin vəfatından sonra maestro hər il bu günü qeyd edərmiş.
Ulu öndər Heydər Əliyevin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanı isə bu bayramı - Üzeyir Musiqi Gününün qeyd edilməsini rəsmiləşdirib. Fərmana əsasən həmin tarixdən etibarən Üzeyir Hacıbəylinin doğum günü Milli Musiqi Günü kimi ölkə miqyasında keçirilməyə başlanıb. Bunun da böyük mədəni və tarixi əhəmiyyəti vardır. Bu, Üzeyir Hacıbəylinin adının və irsinin əbədiləşdirilməsi, qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi yolunda atılan mühüm addımdır. Prezident İlham Əliyev də Azərbaycanın musiqi ictimaiyyətini Milli Musiqi Günü münasibətilə təbrik edib.
Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının önündə minlərlə insan toplaşır və burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edir. Bu gün Üzeyir bəyin musiqisi işğaldan azad olunan torpaqlarımızda - Şuşada, Ağdamda səslənir.
Kaspi Təhsil Şirkəti bütün sənət və musiqisevərləri Üzeyir Musiqi Günü münasibətilə təbrik edir!
Kaspi.edi.az