Kaspi Liseyi daha bir uğura imza atdı
- Главная страница
- Новости и события
- Kaspi Liseyi daha bir uğura imza atdı
- 25 Июль 2025
Kaspi Liseyi daha bir uğura imza atdı
Kaspi Liseyi daha bir uğura imza atdı
Azərbaycan təhsili növbəti beynəlxalq uğur qazanıb. 17-25 iyul 2025-ci il tarixlərində Fransanın paytaxtı Parisdə keçirilən 55-ci Beynəlxalq Fizika Olimpiadası (IPhO 2025) çərçivəsində ölkəmizi təmsil edən şagirdlər yüksək nəticələr göstəriblər. Qeyd edək ki, Beynəlxalq Fizika Olimpiadası dünyanın ən istedadlı gənclərinin bir araya gəldiyi nüfuzlu bir platformadır. Bu cür yarışlarda uğur qazanmaq təkcə fərdi nailiyyət deyil, həm də sistemli tədrisin, peşəkar müəllimlərin və səmərəli təhsil mühitinin nəticəsidir.
Böyük qürur və sevinc hissi ilə bildiririk ki, Kaspi Ağ Şəhər Liseyinin builki məzunu İbrahim Valehli bu mötəbər elm yarışmasında bütün dünyadan seçilmiş istedadlı şagirdlərin yarışdığı bu elmi platformada Gümüş medala layiq görülüb. Fizika sahəsindəki bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirən İbrahim, bu uğuru ilə Azərbaycan təhsilini və Kaspi Liseyini qürurla təmsil edib.
Xatırladaq ki, İbrahim Valehli bu il Kaspi Liseyini bitirərək “Qızıl nişan”la təltif olunub. Elm və Təhsil Nazirliyinin 2024–2025-ci tədris ili üzrə “Qızıl və Gümüş nişan” siyahısında yer alan məzunlardan biri kimi tanınması onun yüksək akademik göstəricilərinin və əzminin bariz nümunəsidir.
Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənovun kaspi.edu.az-a bildirdiyinə görə,
Kaspi Liseyinin rəhbərliyi bu uğuru məktəbin və ümumilikdə Azərbaycan təhsil sisteminin böyük nailiyyəti kimi qiymətləndirir: “Liseyin şagirdləri son illərdə beynəlxalq olimpiadalarda ardıcıl uğurlar qazanaraq, Azərbaycan gəncliyinin elmi potensialını dünya miqyasında nümayiş etdirirlər”.
Azərbaycan komandasının digər üzvləri də yarışmada uğurlu nəticələr göstəriblər. Müxtəlif məktəblərin təmsilçiləri olan bu gənclər ölkəmizi layiqincə təmsil ediblər:
Gümüş medal - İbrahim Valehli (Kaspi Liseyi)
Bürünc medal - Selcan Süleymanlı, Məhəmməd Cəfərli;
Həvəsləndirici sertifikat - Zeynəb Məhəmmədli, Murad Xəlil;
Direktor bildirir ki, İbrahim Valehlinin uğuru – həm akademik göstəriciləri ilə “Qızıl nişan” sahibi olması, həm də Beynəlxalq Fizika Olimpiadası kimi prestijli bir yarışmada gümüş medal qazanması – onun elmə olan marağının və sistemli hazırlığın nəticəsidir: “Bu nəticələr həmçinin göstərir ki, Azərbaycan təhsili gələcəyə doğru inamla addımlayır və ölkəmizin istedadlı gəncləri qlobal elmi arenada layiqli şəkildə təmsil olunurlar. Elm və təhsilə qoyulan sərmayə – ölkənin sabahına atılan ən dəyərli addımdır”.
Kaspi Təhsil Şirkəti beynəlxalq bilik yarışında uğur qazan bütün şagirdləri təbrik edir və onlara gələcək təhsil həyatlarında nailiyyətlər arzulayır!
Kaspi.edu.az