“Qarabağ Azərbaycandır”
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- “Qarabağ Azərbaycandır”
- 07 Noyabr 2024
“Qarabağ Azərbaycandır”
Kaspi Liseyində “Şanlı Zəfər Günü və “Dövlət Bayrağı Günü” adlı tədbir keçirildi
"8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü”dür. Dəmir Yumruq əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi”. Kaspi Bakıxanov Liseyində “Şanlı Zəfər Günü və “Dövlət Bayrağı Günü”nə həsr olunan “Qarabağ Azərbaycandır” adlı tədbirdə səslənən bu fikirlər liseyin kollektivini, valideynləri, şəhid analarını, müharibə veteranlarını və qaziləri yenidən bir araya gətirdi.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
"İftixar hissiylə yaşadığımız qələbə “Üç rəngli bayrağımız uzun illər idi nisgilli dalğalanırdı səmamızda. Hər dalğalanmasında bir kədər, hər çırpınmasında vüsala qovuşmaq çabası vardı. Üç rəngli nazlı dilbəri həsrətdən qurtarıb vüsala qovuşduran, Qarabağda qürurla, şövqlə dalğalanması üşün canından keçən şəhidlərimizə rəhmət, qəhrəman qazilərimizə, igid vətən oğullarına sağlıq diləyirik”- deyə tədbirin aparıcıları Zəfər Gününü qeyd edən liseyin müəllim və şagird kollektivini, qəhrəman qazilərimizi, şəhid analarını və ictimaiyyət nümayəndələrini salamladılar: “Bu gün böyük iftixar hissiylə yaşadığımız bu qələbə Azərbaycan xalqının əzmi, iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində mümkün oldu”.
Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva tədbir iştirakçılarını təbrik edərək qeyd etdi ki, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və qəhrəman əsgərlərimizin, şəhidlərimizin sözlə ifadə edilə bilməyən şücaəti sayəsində Qarabağ torpaqları işğaldan azad edildi: “44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və şanlı Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Respublikamızın ərazi bütövlüyü bərpa olundu. Şəhidlərimizin qisası alındı. Bu gün xalqımız bu böyük tarixi qələbənin xoşbəxtliyi və sevincini yaşamaqdadır. Bu gün ən böyük arzusu vətən torpaqlarını azad görmək olan Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhları şaddır. Hər birimiz qalib ölkənin vətəndaşları kimi böyük fəxarət hissi yaşamaqdayıq. Azərbaycan xalqı öz liderinin, cənab Prezident İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşərək ona olan böyük inamını, sevigisini və Vətənə olan dərin məhəbbətini nümayiş etdirdi. Biz bu gün Zəfər Gününü böyük qürur və fəxarət hissi ilə qeyd edirik. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında hamımız baş əyirik. Onların övladları bizə əmanətdir. Biz bu əmanəti bütün diqqət və qayğımızla, göz bəbəyimiz kimi qoruyuruq”.
Liseyin direktoru Cahid Hüseynov “8 Noyabr Zəfəri Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi idi” deyə qeyd etdi: “Bu gün həsrətində olduğumuz torpaqlara qovuşmuşuq və erməni vandallarından azad olunmuş hər bir qarış torpağımız Prezident İlham Əliyevin rəhbərliyi altında yenidən qurulur və çiçəklənir. Ata-baba torpaqlarından didərgin düşmüş hər bir azərbaycanlı öz yurduna qayıtmağın böyük sevincini yaşayır. Bu sevinci bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qəhrəman qazilərimizə cansağlığı arzulayırıq”.
Arxa cəbhədə olsaq da…
Liseyin Cambridge bölməsinin çıxışı da maraqla qarşılandı. Şagirdlər: “Biz gənclər I Qarabağ müharibəsində qurban olan canları, qəhrəmanları, vətən torpağı üçün canını verən oğulların sücaətini , Ümumilli Liderin bu ölkəyə bir ata, rəhbər olaraq sahib çıxışını və o dahi şəxsiyyətin bu günlərə gəlməmizin təməlini qoyduğunu böyüklərimizdən, müəllimlərimizdən eşitmişik”- deyə qeyd etdilər: “II Qarabağ müharibəsində isə biz bu qəhrəmanlığın canlı şahidi olduq. Arxa cəbhədə olsaq da, qəlbimiz daim ön cəbhədə olan igid əsgərlərimizlə birgə atdı, ruhumuz onların bizə yaşatdığı qələbə sevinci ilə qanad açdı. Ali Baş Komandanımız İlham Əliyevin səfərbərlik çağrışına qəhrəman vətən oğulları həmin anda cavab verdilər. Ordumuz, millətimiz birləşərək “Dəmir Yumruq” meydana gətirdi”.
Liseyin sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın ssenari müəllifi olduğu tədbirin bədii hissəsində liseyin dram dərnəyinin təqdim etdiyi səhnəciklər, xor və rəqs kollektivlərinin kompozisiyaları, şagirdlərin ifasında Vətən, torpaq haqqında şeir və mahnılar, ibtidai sinif şagirdlərinin “Qarabağ Azərbaycandır!” kompozisiyası gecəyə rəngarənglik qatdı.
Kaspi Təhsil Şirkəti Zəfər Günü və Bayraq Günü münasibətilə Azərbaycan xalqını təbrik edir!
kaspi.edu.az