“Liderlik və Menecment” fənninin şagirdlərin gələcək karyeralarında rolu

“Liderlik və Menecment” fənninin şagirdlərin gələcək karyeralarında rolu

“Liderlik və Menecment” fənninin şagirdlərin gələcək karyeralarında rolu

Kaspi Liseyi şagirdlərdə Biznes, Liderlik və Menecment bacarıqları da formalaşdırır

Yeni tədris ilindən Kaspi Liseyinin IX-X siniflərində  “Liderlik və Menecment” fənni tədris edilir. Liseyin Liderlik və Menecment fənn rəhbəri Kənan Kərimli kaspi.edu.az-a müsahibəsində fənnin tədrisi və əhəmiyyəti, şagirdlərdə formalaşdıra biləcək bacarıqlar haqqında məlumat verib.

-Kənan müəllim, liseydə bu tədris ilindən keçirilən “Liderlik və Menecment” fənni hansı sinifləri əhatə edir? Bu fənnin tədrisində məqsəd nədir?

-“Liderlik və Menecment” fənni 14-16 yaş qrupu (9-10-cu siniflər) şagirdlərin, biznes, liderlik və menecment bacarıqlarının praktiki olaraq inkişaf etdirilməsi üçün dizayn edilən akademik proqramdır. Bu proqram əlavə dərnək fəaliyyəti deyil, kurikulumun bir tərkib hissəsidir. Proqram, iki tədris ili üçün nəzərdə tutulub. İki il ərzində şagirdlərin iki fərqli başlıqda, bacarıqlarının inkişaf etdirilməsi əsas məqsədimizdir. 1-ci başlıq Biznes Bacarıqlarıdır. Bu başlıq altında tədris olunan material, şagirdlərin gələcək karyeralarında sahibkar və təşəbbüskar (entrepreneur/girişimci) kimi düşünə bilmək, biznes ideya formalaşdırmaq, tətbiq etmək və biznesi idarə etmək kimi məqamları özündə ehtiva edir. Eyni zamanda, biznes mühitini anlamaq, təhlil etmək, iqtisadi və maliyyə yönümlü düşünə bilmək, data əsaslı qərar verə bilmək, riskləri aydınlaşdıra bilmək və müvafiq tədbirlər görmək kimi alt başlıqlar da bu fənnin tərkib hissəsi olaraq, praktiki formada aşılanacaqdır. Şagirdin gələcəkdə seçəcəyi peşədən asılı olmayaraq, hər kəs öz biznes fəaliyyətini qura bilər. Məsələn, gələcəkdə həkim olmaq istəyən şagirdimiz, müəyyən təcrübədən sonra səhiyyə sahəsində və ya informasiya texnologiyaları üzrə mühəndis olmaq istəyən şagirdimiz isə texnologiya sahəsində özünün biznes fəaliyyətini qura bilər. Bu baxımdan, fənn hər bir şagirdə xitab edir.

2-ci başlıq isə Liderlik və Menecment Bacarıqlarıdır. Bu başlıq altında tədris olunan material, birbaşa şagirdin fərdi inkişafı, xarakterin formalaşdırılması, dünya görüşünün inkişaf etdirilməsi ilə bağlıdır. Hansı yaş qrupuna aid olmasından asılı olmayaraq, hər bir şagirdin gələcək karyerası üçün lazım olan bacarıqların inkişaf etdirilməsi bu başlığın əsas məqsədidir. Şagird burada əldə etdiyi bacarıqlar vasitəsilə gələcəkdə biznes sahibi olub, öz işini idarə edə bilər, yaxud istənilən yerli və ya beynəlxalq şirkətdə çalışaraq uğurlu ola bilər.

Bu başlığın bir digər elementi ondan ibarətdir ki, şagird burada əldə etdiyi bacarıqlar vasitəsilə özü sərbəst şəkildə gələcək planlarını qura bilməli, özünə hədəf təyin etməli və bu hədəf üçün çalışa bilməlidir. Hansı peşəni seçməyindən asılı olmayaraq, şagirdin bu tədris proqramından əldə etdikləri onu gələcəkdə effektiv rəhbər və ya komanda yoldaşı, öz sahəsi üzrə ekspert və faydalı vətəndaş olması üçün fundament rolunu oynayacaqdır. Qərarvermə, problemlərin həll edilməsi, səmərəli ünsiyyət, konfliktlərin idarə olunması, vaxtın idarə olunması, emosional zəka və s. fənn vasitəsilə inkişaf etdirilən bacarıqlardan bəziləridir.

Şagirdlərə peşəkar dəstək

-Fənnin tədrisi nə üçün məhz 9-cu siniflərdən başlayıb?

-İlk növbədə qeyd etmək lazımdır ki, bu fənn həm IB, həm də Cambridge kurikulumlarında 14-16 yaş qrupuna daxil olan şagirdləri əhatə edir. Bu səbəblə beynəlxalq praktika burada əsas götürülüb. Eyni zamanda da, milli kurikulumlarda təhsil alan şagirdlərimiz, 9-cu sinifdən etibarən, artıq gələcək hədəflərini, peşə seçimlərini müəyyənləşdirdikləri üçün, bu fənn vasitəsilə şagirdlər gələcək karyera seçimlərini edəcək, bir növ peşəkar dəstək ala biləcəklər. Çünki şagirdlərin bacarıqlarına, həvəslərinə və potensiallarına uyğun peşənin seçilməsi üçün müəllimlərimiz maksimum şəkildə dəstək göstərəcəklər.

-Fənni tədris edən müəllimlər hansı bilik və bacarıqlara malik olmalıdır?

-Fənni tədris edən müəllimlərin pedaqoji təcrübədən əlavə, mütləq real biznes və ya sənaye təcrübəsi olmalıdır. Çünki sırf bu fənnin tədrisində, praktiki təcrübəsi olan müəllimlər şagirdlərə daha çox faydalı ola bilərlər. Hal-hazırda bu fənni tədris edən müəllimlər, neft-qaz, səhiyyə, maliyyə texnologiyaları, konsaltinq və s. sahələrdə zəngin təcrübələri olan rəhbər şəxslərdir. Eyni zamanda, müəllimlərimiz xaricdə təhsil almış və ya beynəlxalq kvalifikasiyalara sahib ekspertlərdir.

Layihə Əsaslı Tədris

-Proqramın tədrisi hansı formada aparılır?

-Azərbaycan və rus bölmələrinin şagirdlərini nəzərə alaraq, fənn həm rus, həm də Azərbaycan dilində tədris edilir. Eyni zamanda, şagirdlərin ingilis dili bacarıqlarının inkişaf etdirilməsi üçün ingilis dilində olan materiallardan da aktiv şəkildə istifadə olunur. 1-ci il üçün fənnin tədrisi 70% əsas dildə, 30% isə ingilis dilində tədris edilir. 2-ci ildən isə ingilis dilində tədris daha da artırılacaq. Terminlərlə bağlı çətinliyin aradan qaldırılması üçün, hər dərsin öz terminoloji lüğəti şagirdlərə öyrədilir. Fənnin Biznes Bacarıqları başlığının kurikulumu “Cambridge IGCSE- Business Studies”  və “IB Diploma- Business Management” fənlərinin proqramına əsaslanır. Liderlik və Menecment başlığı isə praktiki məşğələlər vasitəsilə tədris olunur. Çünki, şagirdlərin nəzəri bilikdən çox, praktiki bacarıqlara yiyələnməsi üçün fənnin tədrisi Layihə Əsaslı Tədris modelinə əsaslanır və aşağıdakı metodlardan istifadə olunur:

Qrup müzakirələri

Fərdi və ya qrup təqdimatlar

Fərdi və ya qrup layihələr

Keys (case studies) əsaslı tədris

İstehsalat (şirkətlər) ziyarətləri

Biznes sənayesindən olan qonaq spikerlərin çıxışları

Diaqnostik kuizlər

Psixometrik sorğular

-”Liderlik və menecment”in aşıladığı biliklər şagirdlərin həyatlarında hansı rolu oynaya bilər?

-Bu fənnin məqsədi şagirdlərə spesifik biliklərin aşılanmasından çox, fənnin proqramında qeyd olunan bacarıqların şagirdlərdə inkişaf etdirilməsidir. Məsələn, bu fənnin sonunda şagird sərbəst araşdırma edə bilməli, tənqidi düşünə bilməli, çevik qərar verə bilməli, insanlarla rahat şəkildə ünsiyyət qura bilməli və gələcək karyerası ilə bağlı adekvat seçimlər edə bilməlidir. Buna görə də şagirdlərin bu fənn vasitəsilə əldə etdikləri bacarıqlar, onların gələcək karyeralarında həmişə əhəmiyyətli rol oynayacaq.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız