Kamal Yaşarla görüş keçirilib

Kamal Yaşarla görüş keçirilib

Kamal Yaşarla görüş keçirilib

Görüş həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıyıb

Kaspi Ağ Şəhər liseyində tanınmış rejissor, aktyor, səs rejissoru və dublyajçı Kamal Yaşar ilə elmi-maarifləndirici görüş təşkil olunub. Görüş şagirdlərin mədəni-estetik dünyagörüşünün genişləndirilməsi, onların incəsənət sahəsinə marağının artırılması və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədi ilə keçirilib.

Liseydən verilən məlumata görə, görüş liseyin direktoru Həsən Həsənovun çıxışı ilə başlayıb: “ Görüşün əsas məqsədi şagirdləri müasir kino və teatr sənətinin əsas istiqamətləri, səsləndirmə və dublyaj sənətinin peşəkar xüsusiyyətləri, həmçinin yaradıcılıq fəaliyyətinin insan şəxsiyyətinin formalaşmasındakı rolu barədə ətraflı məlumatlandırmaq idi”.

Tədbirin əvvəlində Kamal Yaşarın həyat və yaradıcılıq yolunu, onun kino, teatr və səs sənəti sahəsindəki çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Videomaterialda rejissorun yaradıcılığının peşəkar inkişaf mərhələləri, iştirak etdiyi layihələr, rejissor və aktyor kimi yanaşma prinsipləri, eləcə də dublyaj sənətində səsin psixoloji və emosional təsir imkanları elmi-analitik kontekstdə təqdim olunub. Bu hissə şagirdlərdə sənətə maraq yaratmaqla yanaşı, onların müşahidə, təhlil və estetik qiymətləndirmə bacarıqlarının formalaşmasına xidmət edib.

Görüş şagirdlərin səhnəcikləri, pianinoda ifaları ilə davam edib.

Tədbirin növbəti mərhələsində interaktiv müzakirə təşkil olunub. Şagirdlər Kamal Yaşara kino və teatr sənətinin incəlikləri, obrazın yaradılmasında aktyor ustalığının rolu, səs rejissorluğunun texniki və psixoloji aspektləri, dublyaj prosesində səs və intonasiyanın əhəmiyyəti ilə bağlı suallar ünvanlayıb. Qonaq hər bir suala elmi əsaslara söykənən, sistemli və anlaşılan cavablar verərək, nəzəri bilikləri şəxsi peşəkar təcrübəsi ilə əlaqələndirib. Bu mərhələ şagirdlərin tənqidi düşünmə, ünsiyyət və öz fikirlərini əsaslandırılmış şəkildə ifadə etmə bacarıqlarının inkişafında mühüm rol oynayıb.

Tədbir boyunca yüksək maraq və fəallıq müşahidə olunub. Görüş həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıyıb. Sonda Kamal Yaşar şagirdlərlə səmimi ünsiyyət qurub, onların xatirə üçün təqdim etdikləri materialları imzalayıb və gələcək yaradıcılıq fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Ümumilikdə, görüş şagirdlərin mədəni və estetik tərbiyəsinə, incəsənət sahəsinə olan marağının artmasına və onların intellektual inkişafına əhəmiyyətli töhfə verən tədbir kimi dəyərləndirilib.

Kaspiliseyi.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız